Çikaqo Universitetinin alimləri müəyyən ediblər ki, qarğıdalı, manqo, ispanaq və digər meyvə-tərəvəzlərdə olan təbii piqment zeaaksantin xərçəng əleyhinə terapiyanın nəticələrini gücləndirə bilər.
32gun.az xəbər verir ki, araşdırmanın nəticələri Cell Reports Medicine jurnalında dərc olunub.
Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, zeaaksantinlə zəngin pəhriz təkbaşına şişlərin böyüməsini ləngidir. Bu maddə qida əlavəsi şəklində immunitetin “nəzarət nöqtəsi inhibitorları” ilə birlikdə istifadə olunduqda isə müalicənin təsiri daha da artıb. Laboratoriya mühitində zeaaksantin insanın T-hüceyrələrinin melanoma, mieloma və glioblastoma hüceyrələrini məhv etmək qabiliyyətini gücləndirib.
Alimlərin sözlərinə görə, zeaaksantin T-limfositlərin səthindəki reseptorları sabitləşdirir və onların tam fəaliyyəti üçün vacib siqnal yollarını aktivləşdirir. Digər sınaq mərhələsində olan vasitələrdən fərqli olaraq, bu piqment artıq göz sağlamlığı üçün təhlükəsiz əlavə kimi mövcuddur. Bu da onu xərçəng immunoterapiyasında istifadə üçün perspektivli namizədə çevirir.
Tədqiqatçılar qeyd edirlər ki, klinik praktikada tətbiq olunmazdan əvvəl zeaaksantinin əlavə müalicə vasitəsi kimi istifadəsi üçün klinik sınaqlara ehtiyac var. Bununla belə, bu kəşf alimlərin fikrincə, “qida immunologiyası” istiqamətinin – təbii maddələrin müasir xərçəng müalicə üsullarını gücləndirmə yollarının inkişafında mühüm addım ola bilər.
Nilay