Beynəlxalq tədqiqatçılar qrupu quru heyvanlarında barmaqların necə yarandığına dair gözlənilməz izah təqdim edib. Onların fikrincə, barmaqlar birbaşa balıqların üzgəclərindən deyil, əslində qədimdə kloakanın inkişafını idarə edən genetik mexanizmin “yenidən işə salınması” nəticəsində formalaşıb.
32gun.az xəbər verir ki, araşdırma Nature jurnalında dərc olunub.
Təxminən 380 milyon il əvvəl müasir balıqların əcdadları quruda yaşamağa uyğunlaşmağa başlayıb. Əsas suallardan biri isə barmaqlı ətrafların necə meydana gəlməsidir: onlar üzgəclərin dəyişmiş formasıdır, yoxsa tamamilə yeni strukturdur?
Alimlər yalnız genləri deyil, həm də onların işini idarə edən böyük DNT sahələrini — tənzimləyici landşaftları araşdırıblar. Siçan və balıq genomlarını müqayisə edərkən məməlilərdə barmaqların inkişafı ilə bağlı ümumi genetik sahə aşkarlanıb. Bu sahə CRISPR/Cas9 texnologiyası ilə balıqlarda silindikdə, genlər üzgəclərdə deyil, məhz kloakada fəaliyyətini dayandırıb.
Tədqiqatın müəlliflərindən biri, biologiya üzrə mütəxəssis Oréli Xintermann bildirib:
“Kloaka ilə barmaqların ortaq cəhəti ondadır ki, hər ikisi həmişə ucda yerləşir — istər həzm sisteminin, istərsə də ətrafların sonunda. Təkamül sadəcə mövcud mexanizmdən yeni kontekstdə istifadə edib.”
Söhbət orqanizmin “memarları” adlandırılan Hox-genlərinin fəaliyyətini tənzimləyən landşaftlardan gedir. Professor Deni Dyubül isə qeyd edib:
“Bu, təkamülün necə işlədiyinə bariz nümunədir: yeni köhnənin bazasında yaranır. Təbiət barmaqlar üçün ayrıca mexanizm yaratmaq əvəzinə, mövcudu uyğunlaşdırıb.”
Mütəxəssislərin fikrincə, belə “yenidən proqramlaşdırmaların” öyrənilməsi balıqlardan müasir quru heyvanlarına, o cümlədən insana qədər gedən təkamül yolunu daha dərindən anlamağa imkan verəcək.
Nilay