DİGƏR ÖZ XƏBƏR

Gündəlik davranışların 65 faizi vərdişlərin təsirində baş verir - Alimlər

Sürrey Universiteti (Böyük Britaniya), Cənubi Karolina Universiteti (ABŞ) və Mərkəzi Kvinslend Universitetinin (Avstraliya) alimləri müəyyən ediblər ki, insanların gündəlik fəaliyyətlərinin təxminən iki-üçdə ikisi şüurlu qərardan deyil, formalaşmış vərdişlərdən irəli gəlir.

32gun.az xəbər verir ki, araşdırmanın nəticələri Psychology & Health jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, vərdişlər tanış şəraitdə avtomatik işə düşən hərəkətlərdir. Məsələn, səhər qəhvəsi içmək, oyanan kimi telefona baxmaq və ya hər gün evə eyni küçədən getmək əksər hallarda şüurlu seçim deyil.

Araşdırmada Böyük Britaniya və Avstraliyadan olan 105 nəfər iştirak edib. Onların hərəsinə bir həftə ərzində gündə altı dəfə telefon vasitəsilə sorğu göndərilib. İştirakçılar həmin an nə etdiklərini və davranışın səbəbinin niyyət, yoxsa vərdiş olduğunu qeyd ediblər. Nəticədə məlum olub ki, hərəkətlərin 65 faizi vərdişlərdən qaynaqlanır, onların isə 46 faizi insanların məqsədləri ilə üst-üstə düşür.

Sürrey Universitetinin psixologiya professoru Benjamin Qardner bildirib:

“İnsanlar daha çox məqsədlərinə çatmağa kömək edən vərdişləri qoruyur, əksinə mane olanları isə dağıdırlar.”

Cənubi Karolina Universitetinin dosenti Amanda Rebar isə vurğulayıb:

“Çoxları düşünür ki, qərarları rasional şəkildə verirlər. Amma təkrarlanan davranışların böyük qismi avtomatik baş verir.”

Alimlərin qənaətinə görə, sağlam və düzgün vərdişlər həm sağlamlığın möhkəmləndirilməsi, həm də şəxsi məqsədlərə çatmaq üçün güclü vasitədir. Bu səbəbdən siqareti tərgitmək və ya idmanla məşğul olmaq istəyənlər sadəcə iradəyə güvənməməli, yeni mühit və şərait yararaq müsbət assosiasiyalar formalaşdırmalıdırlar.

Nilay 

Oxşar Xəbərlər