Beynəlxalq tədqiqatçılar qrupu insan metabolizminin genetik nəzarəti ilə bağlı indiyədək ən geniş araşdırmanı aparıb.
32gun.az xəbər verir ki, tədqiqat UK Biobank layihəsinin yarım milyon iştirakçısının məlumatları əsasında hazırlanıb və Nature Genetics jurnalında dərc olunub.
Alimlər genlərdəki variasiyaları və onların qanda 250 kiçik molekulun — lipidlər və aminoturşular daxil olmaqla — səviyyəsinə təsirini öyrəniblər. Nəticədə müəyyən olunub ki, metabolizmə genetik nəzarət ümumilikdə müxtəlif cins və etnik qruplar arasında eynidir. Bu isə araşdırmanın nəticələrini ümumbəşəri edir.
Xüsusi diqqət xəstəlik riskinə təsir edən genlərə yönəlib. Məsələn, alimlər VEGFA geninin yeni rolunu aşkar ediblər. Bu genin “yaxşı” xolesterinin sıx formalarının nəzarətində iştirak etdiyi güman olunur. Bu məlumatlar ürək-damar xəstəliklərinə qarşı yeni dərmanların hazırlanmasına kömək edə bilər.
Araşdırma göstərib ki, genetika metabolizmdə fərdi xüsusiyyətlərdə mühüm rol oynasa da, yaşam tərzi, qidalanma və fiziki aktivliyin təsirini istisna etmir.
Professor Mayk Pitsnerin sözlərinə görə, əldə edilən nəticələr ürək-damar xəstəliklərindən ölüm hallarını azaltmaq üçün dərmanların hazırlanmasında yeni istiqamətlər açır.
Tədqiqatın həmmüəllifi Marteyn Zoodsma əlavə edib:
“Biz yüzlərlə qan molekulunun genetik nəzarət xəritəsini əldə etdik. Bu, xəstəlik risklərini anlamaq və yeni terapevtik hədəflər tapmaq üçün son dərəcə dəyərli vasitədir”.
Nilay