DİGƏR ÖZ XƏBƏR

Telefon klaviaturasında yazma sürəti beyin fəaliyyətini göstərə bilər — alimlər

İllinoys Universitetinin (Çikaqo) alimləri müəyyən ediblər ki, insanın telefonda yazma tezliyi və sürəti onun beyin fəaliyyətinin vəziyyəti barədə mühüm məlumat verə bilər.

32gun.az xəbər verir ki, araşdırmanın nəticələri Journal of Psychopathology and Clinical Science (JPCS) jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, smartfonlardan əldə edilən “passiv” məlumatların — məsələn, klavişlərə basma intervalının — təhlili depressiya və bipolyar pozğunluqla bağlı idrak pozuntularını müəyyən etməyə kömək edə bilər.

Tədqiqatda 25–50 yaş arası 127 nəfər — həm sağlam könüllülər, həm də müxtəlif affektiv pozğunluqları olan şəxslər iştirak edib. Onlar bir ay ərzində BiAffect adlı tətbiqdən istifadə ediblər. Proqram yazma sürətini, klaviaturaya basma tezliyini və telefonun hərəkətini qeydə alıb.

Bütün iştirakçılar eyni zamanda diqqət, yaddaş və düşünmə çevikliyini ölçən standart neyropsixoloji testlərdən keçiblər.

Nəticədə məlum olub ki, sağlam insanlarda yazma sürətinin azalması zəif idrak göstəriciləri ilə, daha tez və ritmik yazma isə daha yüksək nəticələrlə əlaqəlidir. Depressiya və bipolyar pozğunluğu olan şəxslərdə isə bu əlaqə daha az nəzərə çarpıb.

Araşdırmanın rəhbəri, İllinoys Universitetinin Depressiya və Davamlılıq Mərkəzinin direktoru professor Olu Acilore bildirib:
“Yazma sürəti informasiyanın işlənməsi və idarəetmə funksiyalarını etibarlı şəkildə əks etdirir. Depressiv simptomlar nə qədər güclüdürsə, bu əlaqə bir o qədər aydın olur.”

Alimlərin fikrincə, smartfon məlumatları real vaxt rejimində idrak funksiyalarının monitorinqi üçün rahat vasitə ola bilər. Yazma sürətində və ritmindəki dəyişiklikləri izləməklə, həkimlər xəstənin vəziyyətindəki pisləşməni vaxtında aşkar edib müalicəni tənzimləyə bilərlər.

Ayaz 

Oxşar Xəbərlər