Pakistanlı tədqiqatçılar müəyyən ediblər ki, “qaranlıq triada” adlanan xüsusiyyətlərə — narsisizmə, makiavellizmə və psixopatiyaya — daha çox sahib olan gənclər ailə münasibətlərini daha aşağı qiymətləndirirlər.
32gun.az xəbər verir ki, Araşdırma Journal of Professional & Applied Psychology (JPAP) jurnalında dərc olunub.
“Qaranlıq” şəxsi xüsusiyyətlər üç əsas davranış tipini əhatə edir:
Makiavellizm – manipulyasiya etməyə və dünyaya sinik yanaşmağa meyillilik;
Narsisizm – özünü xüsusi və üstün hesab etmək, daim heyranlıq gözləmək ehtiyacı;
Psixopatiya – impulsivlik və empatiya çatışmazlığı.
Əvvəllər bu xüsusiyyətlər əsasən sosial münasibətlərdə çətinliklərlə əlaqələndirilirdi. Lakin onların ailədaxili münasibətlərə təsiri az öyrənilmişdi.
Yeni tədqiqat məhz bu boşluğu doldurmaq məqsədi daşıyıb. Alimlər Pakistanın Lahor şəhərindən olan 18–25 yaş arası 300 gənc arasında sorğu keçiriblər. İştirakçılar “qaranlıq triada” miqyası üzrə testlərdən və ailə münasibətlərinin keyfiyyətini ölçən anketdən keçiblər.
Nəticədə məlum olub ki, bu xüsusiyyətlər nə qədər güclüdürsə, gənclər ailə münasibətlərinin keyfiyyətini bir o qədər aşağı qiymətləndirirlər. Ən güclü əlaqə psixopatik meyllərlə ailə üzvlərinin emosional reaksiyaları arasında müşahidə edilib — belə gənclər ailədə anlayış və emosional dəstək çatışmazlığından daha çox şikayətləniblər.
Tədqiqatçılar gələcəkdə daha geniş yaş və mədəni qrupları əhatə edən uzunmüddətli müşahidələr aparmağı planlaşdırırlar.
Nilay