Londonda fəaliyyət göstərən terapevt Lın Tannus bildirib ki, ümumi qan analizi, biokimya və iltihab markerləri ilə onkoloji xəstəlikləri müəyyən etmək mümkün deyil.
32gun.az xəbər verir ki, bu barədə ekspertin sözlərini Daily Mirror yayımlayıb.
Həkim izah edib ki, standart analizlər ağ qan hüceyrələrinin səviyyəsini, qaraciyər və böyrək funksiyasını, xolesterol və qlükoza göstəricilərini, qalxanabənzər vəzi fəaliyyətini və C-reaktiv zülal kimi iltihab markerlərini qiymətləndirir. Bu göstəricilər həkimə orqanizmin ümumi vəziyyətini qiymətləndirməyə kömək edir, lakin xərçəngi avtomatik təsdiqləmir və ya inkar etmir.
Tannus qeyd edib ki, laboratoriya nəticələri yalnız xəstənin şikayətlərini, müayinə məlumatlarını və tibbi anamnezi nəzərə alaraq şərh edilməlidir. “Yalnız analiz nəticələrinə əsaslanmaq düzgün deyil, çünki onlar yalnız həkimin yoxlamaq istədiyi parametrləri göstərir,” – deyə o bildirib.
Ekspert əlavə edib ki, bəzi xərçəng xəstələrində hemoglobinin aşağı olması və ya iltihab göstəricilərinin yüksək olması müşahidə oluna bilər, lakin bu dəyişikliklər spesifik deyil və digər xəstəliklərdə də tez-tez rast gəlinir.
Tannus vurğulayıb ki, onkoloji xəstəliklərin diaqnostikası kompleks yanaşma tələb edir. Müalicənin erkən başlanması üçün isə davamlı və izahı olmayan simptomlar zamanı həkimə müraciət etmək əsas şərtdir. Həkimin şübhəsi olduqda isə xüsusi onkomarker analizi təyin edilir.
Ayaz