DTX - Ali Baş Komandanın ən gizli qalxanı: Dövlətçiliyin GÖRÜNMƏZ, QÜDRƏTLİ DAYAĞI
Azərbaycanın dövlətçilik sabitliyinin əsas dayağı olan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fəaliyyətini pərdəarxası, lakin həlledici istiqamətlərdə həyata keçirir; onların xəbər başlıqlarında az görünməsi isə peşəkar və səssiz işlərinin göstəricisidir.
Müasir təhlükələrə qarşı strateji fəaliyyət - Tarixi ənənələrdən formalaşan xidmət
DTX-in işi yalnız daxili əməliyyatlarla məhdudlaşmır. Xidmət əməkdaşları terror risklərinin qarşısının alınması, xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin ifşası, dövlət sirrinin qorunması və kiberhücumlara qarşı mübarizə kimi çoxşaxəli istiqamətlərdə fəaliyyət göstərir. İnformasiya müharibələri və hibrid təhlükələr dövründə bu struktur daha çevik və texnoloji yanaşmalar tətbiq edir.
Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətçilik tarixində mühüm yer tutur. Sovet dövründən başlayaraq müstəqilliyin ilk illərinə qədər keçilən mürəkkəb mərhələlərdə təhlükəsizlik əməkdaşları dövlətin ayaqda qalmasında xüsusi rol oynayıb. Müstəqilliyin bərpasından sonra DTX-in modernləşdirilməsi, milli təhlükəsizlik strategiyasına uyğunlaşdırılması bu xidmətin inkişafında yeni mərhələ açıb.

Peşəkarlıq, məxfilik və dövlətə sədaqət
Bu gün DTX tərəfindən həyata keçirilən antiterror tədbirləri, təxribatların qarşısının alınması, xarici agentura fəaliyyətinin ifşası və dövlət əleyhinə cəhdlərin zərərsizləşdirilməsi xidmətin müasir nailiyyətlərini nümayiş etdirir.
Bununla belə, DTX-in peşəkarlığı, intizamı və dövlətə sədaqəti təhlükəsizlik sisteminin əsas hərəkətverici qüvvəsidir.
Prezident İlham Əliyev daim DTX əməkdaşlarının xidmətini yüksək qiymətləndirib
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının və strukturunun fəaliyyətini daim yüksək qiymətləndirir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı DTX-nin əməkdaşları həm ön, həm də arxa cəbhədə ordunun fəaliyyətinə dəstək verərək düşmənin hərbi planlarının qarşısını almaqda mühüm rol oynamışdır. Müharibə dövründə DTX kəşfiyyat və əks-kəşfiyyat məlumatları ilə ordunun operativ qərar qəbul etməsinə yardım etmiş, müəyyən hərbi marşrutların təhlükəsizliyini təmin etmiş və informasiya müharibəsində də önəmli fəaliyyət göstərmişdir. Müharibədən dərhal sonra DTX əməkdaşlarının fəaliyyəti ölkənin azad edilmiş ərazilərində sabitliyin və təhlükəsizliyin qorunması işində də davam etdirilmiş, arxa cəbhədə potensial təxribatların qarşısı alınmışdır.
Prezident İlham Əliyev müharibədə göstərilən xidmətə görə bir qrup DTX əməkdaşını yüksək dövlət orden və medalları ilə təltif etmişdir. 2020-ci ilin noyabrında verilən sərəncamlarla bir neçə əməkdaş “Vətən Müharibəsi Qəhrəmanı” adı almış, “Qarabağ” və digər ordenlərlə fərqlənmişdir. Həmçinin, 2023-cü ilin noyabrında DTX-nin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı “Tərəqqi” medalı, “Hərbi xidmətlərə görə” medalı və “Əməkdar müəllim” fəxri adı ilə təltif olunmuşdur. Bu addımlar Prezidentin DTX-nin milli təhlükəsizliyin qorunmasında, cinayətkarlığa, terror və xarici təhdidlərə qarşı mübarizədəki xidmətini yüksək qiymətləndirməsinin göstəricisidir.
Ekspertlər qeyd edirlər ki, DTX-nin müharibədəki və müharibədən sonrakı rolu yalnız döyüş əməliyyatlarının dəstəklənməsi ilə məhdudlaşmır, həm də arxa cəbhədə sabitliyin təmin olunması, kəşfiyyat və informasiya təhlükəsizliyinin qorunması, azad edilmiş ərazilərdə potensial təxribatların qarşısının alınması ilə ölkənin suverenliyinin bərpasına mühüm töhfə vermişdir. Rəsmi məlumatlara görə, hazırda DTX əməkdaşları arasında bir neçə “Vətən Müharibəsi Qəhrəmanı” vardır ki, bu da xidmətin dövlət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyir.
Beləliklə, Prezident İlham Əliyevin sərəncam və açıqlamaları DTX əməkdaşlarının həm 44 günlük müharibədə göstərdiyi xidmətin, həm də peşəkar fəaliyyətin dövlət tərəfindən rəsmən tanındığını göstərir və milli təhlükəsizliyin qorunmasında bu strukturun rolunu bir daha ön plana çıxarır.

***
“44 günlük Vətən müharibəsində şanlı qələbənin qazanılmasında digər aidiyyəti güc strukturları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin fədakar əməkdaşlarının da danılmaz payı vardır”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
“Böyük iftixarla qeyd edirik ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin sıralarında 6 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Şəxsi heyətin müharibə zamanı ön və arxa cəbhədə göstərdiyi fədakarlığa verilən yüksək qiymət Dövlət Təhlükəsizliyi Xidmətinin 7 əməkdaşının “Zəfər”, 11 əməkdaşının “Qarabağ” ordeninə, xeyli sayda əməkdaşın başqa orden və medallara layiq görülməsində öz məntiqi ifadəsini tapır.
Qeyd etmək lazımdır ki, Vətən müharibəsi dövründə əsir və itkin düşmüş hərbi qulluqçularımızın qaytarılması və axtarışı üzrə də lazımi işlər görülmüş və bu fəaliyyət hazırda da davam etdirilməkdədir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində 12 hərbçimizin döyüş əməliyyatlarının gedişində yaralanaraq əsir götürüldüyü məlum olmuş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa müddətdə azad edilərək Vətənə qaytarılmışlar. Lakin təəssüflər olsun ki, 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarışı prosesi hazırda aktiv şəkildə davam etdirilir. İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcəkdir”- deyə Ə.Nağılyev öz məqaləsində qeyd edib.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev ‘Dövlətin təhlükəsizliyi naminə’ sərlövhəli məqaləsində vurğulayıb: "Müzəffər Ali Baş Komandanı və xalqımızı əmin edirik ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti həvalə olunmuş tapşırıq və vəzifələrin layiqli şəkildə yerinə yetirilməsi, milli maraq və mənafelərin qorunması, dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində bundan sonra da gecə-gündüz çalışacaq, bunun üçün bütün imkanlarını səfərbər edəcəkdir!"
Jurnalist kimi öz növbəmdə qeyd etmək istəyirəm ki, bu sözlər real fəaliyyətlə də təsdiqlənir və biz qururla onlara güvənirik. Qürurla xatırladıram ki, Əli Nağıyev 2015-ci ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
Şübhə yoxdur ki, Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevlə birlikdə daha da peşəkar sima qazanıb və davam edir.
Tarixdən bu günə uzanan məsuliyyət
Bu gün DTX əməkdaşları həm tarixi ənənəni, həm də müasir texnologiyaları birləşdirərək ölkənin milli maraqlarını qorumaqda davam edirlər. Onların fəaliyyəti təkcə əməliyyat uğurları ilə deyil, eyni zamanda xalqın təhlükəsiz yaşaması və dövlətin müstəqilliyinin qorunması ilə ölçülür. Azərbaycan üçün bu xidmət görünməz, lakin ən güclü müdafiə xəttlərindən biri olaraq qalmaqdadır.

Tariximizi də unutmarıq: Heydər Əliyev və Azərbaycan Təhlükəsizlik Orqanlarının İnkişaf Yolu
Azərbaycanın təhlükəsizlik orqanlarının tarixi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və fəaliyyəti ilə xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyev bu sahədəki xidmətinə sıravi əməkdaş kimi başlayaraq, Azərbaycan tarixində ilk azərbaycanlı general kimi yüksək rütbəyə yüksəlmişdir. Onun kəşfiyyat və əks-kəşfiyyat sahəsindəki ustalığı, yüksək analitik düşüncəsi və operativ bacarığı təhlükəsizlik orqanlarının fəaliyyətinin effektivliyini artırmışdır. Həm rəhbərlik etdiyi illərdə, həm də dövlət səviyyəsindəki mövqelərində Heydər Əliyev hər zaman təhlükəsizlik qurumlarını diqqətdə saxlamış və onların işini dəstəkləmişdir. Onun təcrübəsi və əməliyyat metodları, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivlərində saxlanılan nümunələr vasitəsilə bu gün də əməkdaşlar üçün öyrədici vəsait kimi istifadə olunur.
Vurğulamaq yerinə düşər ki, bir həftə əvvəl Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi – MİRAS-ın yaradılması barədə fərman imzalayıb. Sistem DTX tərəfindən formalaşdırılacaq, idarə olunacaq və inkişaf etdiriləcək, həmçinin ondan səmərəli istifadə təmin olunacaq. Fərmana əsasən, nazirliklər və digər dövlət qurumları MİRAS-ın məlumat bazalarına inteqrasiya və məlumatların elektron sistemlərdə qeydiyyatını təmin etməlidirlər. Bu addım dövlət informasiya ehtiyatlarının vahid idarə olunmasını və effektiv koordinasiyanı hədəfləyir.
Bu, dövlət informasiya resurslarının səmərəli idarə olunması və təhlükəsizliyin gücləndirilməsi baxımından xeyirlidir.
Aygün İlqarqızı / 32gun.az Xəbər Portalının baş redaktoru