Depressiyanın müalicəsində antidepresantlar hər zaman effektiv olmur və bu xəstəlik üçün yeni terapevtik yanaşmaların axtarışı psixiatriyanın əsas istiqamətlərindən biri olaraq qalır.
Mass General Brigham tədqiqatçılarının yeni araşdırması isə göstərib ki, iltihabəleyhinə preparatlar müəyyən qrup xəstələrdə depressiya simptomlarının intensivliyini azalda bilir. 32gun.az bildirir ki, tədqiqatın nəticələri American Journal of Psychiatry (AJP) jurnalında dərc olunub.
Tədqiqat qrupu – Naoyze Mak Giollabhuinin rəhbərliyi ilə – depressiya diaqnozu qoyulan və eyni zamanda iltihab göstəriciləri yüksəlmiş xəstələrə iltihabəleyhinə preparatların verildiyi randomizə olunmuş klinik sınaqların məlumatlarını təhlil edib. Alimin sözlərinə görə, məhz bu yanaşma nəticənin açarı olub. Çünki əvvəlki araşdırmaların bəziləri qeyri-müəyyən nəticələr göstərirdi — görünür, preparatlar çox geniş pasiyent qruplarında sınanırdı.
Mak Giollabhuinin sözlərinə görə: “Əgər insanın orqanizmində iltihab yoxdursa, iltihabəleyhinə müalicənin fayda verməsi ehtimalı çox azdır. Biz güman etdik ki, terapiya yalnız depressiyası immun sistemindəki pozuntularla əlaqəli olan xəstələrdə effekt göstərəcək.”
Ümumi analizə 11 klinik sınaq və 321 pasiyent daxil edilib. Nəticədə məlum olub ki, iltihabəleyhinə preparatlar depressiya simptomlarının ifadəliliyini statistik olaraq əhəmiyyətli dərəcədə azaldır.
Alimlərin fikrincə, bu nəticələr depressiyanın xroniki, aşağı səviyyəli iltihabla bağlı xüsusi bir alt tipinin mövcudluğunu göstərir. Belə pasiyentlərdə immun sistemindəki pozuntular vəziyyətin əsas səbəblərindən biri ola bilər və buna təsir edən müalicə strategiyaları daha effektiv ola bilər.
Tədqiqatın məqalədə göstərilən baş müəllifi, professor Riçard Lyu qeyd edib ki, söhbət preparatların geniş klinik praktikaya dərhal tətbiqindən getmir. Çünki bəzi iltihabəleyhinə dərmanların ciddi yan təsirləri var və ehtiyatla istifadə olunmalıdır. Lakin nəticələr yeni müalicə vasitələrinin hazırlanması və fərdiləşdirilmiş terapiya modellərinin qurulması üçün mühüm imkanlar açır.
Alimlər növbəti mərhələdə daha dəqiq immun biomarkerlərinin yaradılacağını, bunun isə hansı xəstələrin iltihabəleyhinə terapiyadan faydalana biləcəyini dəqiqləşdirməyə kömək edəcəyini bildiriblər. Eyni zamanda, immun sisteminin yalnız pozulmuş hissələrinə təsir edən, riskləri minimuma endirən yeni yanaşmaların hazırlanması da hədəflər arasındadır.
Mak Giollabhuinin sözlərinə görə: “Pasiyentləri düzgün müəyyənləşdirmək üçün yeni metodlara ehtiyac var. Lakin artıq aydındır ki, bəzi xəstələrdə depressiya birbaşa immun reaksiyasındakı pozuntularla əlaqəlidir və bu əlaqə tamamilə yeni terapevtik sinfin əsasını qoya bilər.”
Ayaz