Beynəlxalq tədqiqatçı qrupu xəbərdarlıq edib ki, gündəlik böyük dozada enerji içkilərinin qəbulu insult riskini əhəmiyyətli dərəcədə artırır.
32gun.az bildirir ki, bu xəbərdarlıq klinik müşahidəyə əsaslanır: həkimlər orta yaşlı, əvvəllər sağlam olan bir pasiyentlə qarşılaşıblar. Pasiyent uzun müddət gündə səkkiz qutu enerji içkisi içib və ekstremal yüksək qan təzyiqi fonunda ağır insult keçirib. Tədqiqat BMJ Case Reports jurnalında dərc olunub.
İnsult talamus bölgəsində inkişaf edib — bu, hərəkət koordinasiyası və sensor işləmə funksiyalarında iştirak edən beyin strukturudur. Kişidə sol tərəfdə gücsüzlük və keyimə, gediş, nitq və udma problemləri yaranıb. Xəstəxanaya daxil olanda qan təzyiqi 254/150 mm c.s. olub, bu isə kritik yüksək göstəricidir.
Hipotenziya terapiyası ilə müvəqqəti azalma əldə olunsa da, evdə təzyiq yenidən yüksəlib. Ətraflı sorğu zamanı məlum olub ki, pasiyent gündə 1 200–1 300 mg kofein qəbul edib — bu, tövsiyə edilən maksimum gündəlik dozadan (400 mg) üç dəfə çoxdur. Enerji içkilərindən tam imtina edildikdən sonra təzyiq normallaşıb və dərmanlara ehtiyac qalmayıb. Lakin qalan nevroloji pozuntular artıq səkkiz ildir davam edir.
Tədqiqatçılar qeyd edirlər ki, enerji içkiləri nadir hallarda ürək-damar xəstəliklərinin risk amili kimi qəbul edilir, amma tərkibi gənc və sağlam görünən insanlarda belə ağır nəticələrə səbəb ola bilər. Enerji içkilərində “saf” kofein yüksək dozada olur, əlavə stimulyatorlar — məsələn, kofein tərkibi qəhvə dənlərindən iki dəfə çox olan guarana, taurin, ginseng və digər bioloji aktiv komponentlər mövcuddur.
Alimlər bildirirlər ki, bu maddələrin qarşılıqlı təsiri kofeinin təsirini gücləndirir və həm iskemik, həm də hemorragik insultların yaranma ehtimalını artırır. Yüksək şəkər tərkibi də əlavə yük yaradır.
2018-ci ildə Britaniyada bir sıra şəbəkələr enerji içkilərinin yeniyetmələrə satışını könüllü şəkildə məhdudlaşdırsa da, ürək-damar riskləri hələ də kifayət qədər müzakirə edilmir.
Tədqiqatçıların yekun rəyinə görə: “Məlumatlar tam olmasa da, müşahidələr, yüksək ölüm və əlillik riski, habelə yüksək şəkər tərkibli içkilərin yan təsirləri enerji içkilərinin satış və reklamına, xüsusən də gənclərə yönəlik olanlara nəzarətin gücləndirilməsini zəruri edir.”
Nilay