DİGƏR ÖZ XƏBƏR

Yuxusuzluğa səbəb olan pəhriz səhvi müəyyən edilib

Zülal çatışmazlığı və karbohidratların çoxluğu yuxunun keyfiyyətini pisləşdirir — araşdırma

ABŞ-ın Corc Meyson Universiteti və Meyn Ştatının Səhiyyə Tədqiqat İnstitutunun alimləri müəyyən ediblər ki, rasionda zülalın az, karbohidratların isə çox olması qanda şəkərin səviyyəsindən asılı olmayaraq yuxunun keyfiyyətini pisləşdirir.

32gun.az bildirir ki, tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc olunub.

Araşdırmada 66 148 yetkin kişi və qadın iştirak edib. 2007–2020-ci illər ərzində alimlər iştirakçıların yuxu keyfiyyətini izləyərək onu qidalanma xüsusiyyətləri və qanda şəkərin səviyyəsi ilə müqayisə ediblər.

Nəticələr göstərib ki, diabet və prediabeti olan şəxslər daha tez-tez yuxusuzluqdan və parçalanmış (fasiləli) yuxudan əziyyət çəkirlər. Qanda şəkərin yüksəlməsi isə yuxu müddətinin normadan yayınması ilə əlaqələndirilib.

Yuxu üçün ən əlverişsiz rasion zülalı az, yağları çox olan qidalanma tipi olub — bu cür pəhriz yuxu keyfiyyətinin davamlı şəkildə pisləşməsi ilə əlaqələndirilib. Eyni zamanda, karbohidratları azaldılmış və nisbətən yağları çox olan pəhriz həm diabeti olanlarda, həm də olmayanlarda yuxunun təhlükəli dərəcədə qısalması riskini azaldıb.

Alimlər üçün gözlənilməz məqam isə qidalanmaya və qlükoza səviyyəsinə daha sərt nəzarətin də yuxunun pisləşməsi ilə assosiasiya olunması olub.

Tədqiqat müəllifləri vurğulayırlar ki, yuxu təkcə gündəlik rejim və yuxu gigiyenasından asılı deyil. Qidalanma vərdişləri və qlükoza nəzarəti sağlam yuxunun formalaşmasında yetərincə qiymətləndirilməyən rol oynaya bilər və universal pəhriz tövsiyələri hər kəs üçün eyni dərəcədə faydalı olmaya bilər.

Nilay 

Oxşar Xəbərlər