Amsterdam Apellyasiya Məhkəməsi Moskvanın “Spartak” klubunun sabiq hücumçusu Kvinsi Promesin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətini bir daha rədd edib.
32gun.az xəbər verir ki, bu barədə Telegraaf nəşri məlumat yayıb.
Hakim qərarı əsaslandıraraq, Promesin azadlığa buraxılmasına imkan verməyən ciddi hallar mövcud olduğunu bildirib.
Qeyd edək ki, 14 fevral 2024-cü ildə Amsterdam məhkəməsi Kvinsi Promesi kokain qaçaqmalçılığı işi üzrə altı il müddətinə azadlıqdan məhrum edib. İş üzrə dinləmələr 24 yanvarda keçirilib, prokurorluq isə futbolçu üçün doqquz il həbs cəzası tələb edib. Fevralın 16-da Promes beynəlxalq axtarışa verilib. Bundan başqa, o, ailəvi məclis zamanı əmisi oğluna bıçaqla hücum etdiyi üçün 1,5 il həbs cəzasına da məhkum edilib.
İyulun 8-də Promesin həbsdə saxlanılması ilə bağlı növbəti məhkəməöncəsi dinləmə keçirilib və nəticədə onun həbs müddətinin 2026-cı ilə qədər uzadılması qərara alınıb. Bildirilir ki, növbəti məhkəmə iclası ən tez gələn il baş tuta bilər.
Xatırladaq ki, iyunun 12-də Kvinsi Promesin Dubay şəhərində öz evində polis tərəfindən saxlanıldığı barədə məlumat yayılıb. KİV-in məlumatına görə, onun həbsi Niderland hakimiyyətinin idmançının ekstradisiyası ilə bağlı sorğusu ilə əlaqədardır. Promes Dubayda istintaq təcridxanasına yerləşdirilib.
Ayaz