Doğum Gününüz Mübarək, Ali Baş Komandan! - Heydər Babamızın oğlu
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 64 yaşı tamam olur.
2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı öz seçimini etdi və İlham Əliyevə səs verdi. Həmin gün Heydər Əliyevin müəyyənləşdirdiyi, milli maraqlara əsaslanan strateji inkişaf xəttinin davamını istəyən xalqla, ölkəni anarxiya, xaos və xarici asılılıq təhlükəsi ilə üz-üzə qoymaq istəyən radikal qüvvələr arasında taleyüklü bir qarşıdurma yaşandı.

Xalq 15 oktyabr 2003-cü il prezident seçkilərində İlham Əliyevi böyük səs çoxluğu ilə Prezident seçərək Heydər Əliyevin siyasi kursuna dəstəyini açıq şəkildə ifadə etdi və bu tarixi seçimi qorumağı bacardı. 15–16 oktyabr hadisələri zamanı dövlətçiliyi sarsıtmaq istəyən daxili və xarici qüvvələrin cəhdləri qətiyyətlə qarşısı alındı və Azərbaycan sabit inkişaf yoluna qədəm qoydu.

Təbii ki, 22 ildə baş verən mühüm hadisələri isə bir yazıda tam əhatə etmək mümkün deyil.
Amma əsas məqamı unutmarıq. Düşmən tapdağı altında qalan torpaqlarımızda artıq öz sakinləri yaşayır.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz sayəsində müqəddəs torpaqlarda öz sakinləri yaşayır.
Bunu yaxşı xatırlayıram, Ulu Öndərimiz - Heydər Babamız 2003-cü ildə xalqa müraciətində "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" səsləndirmişdi.
XXI əsrdə dünyanın çox az ölkəsinin bacardığını bacaran Azərbaycan torpaqlarını 30 illik erməni işğalından azad etdi, erməni separatizminə birdəfəlik son qoydu və bu prosesdə həm döyüş, həm də diplomatiya meydanında dünya erməniliyini və onun havadarlarını məğlub etdi. Xalqımıza qarşı soyqırımı və müharibə cinayətləri törədənlər ədalət qarşısında cavab verdilər, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan sülh mətnini qəbul etməyə məcbur oldu. Eyni zamanda Naxçıvanı Azərbaycanla, bütövlükdə Türk dünyasını birləşdirən Zəngəzur dəhlizi ilə bağlı milli maraqlara uyğun beynəlxalq razılaşmalar əldə edildi. Bu uğurlar nəticəsində Azərbaycan “orta güc” statusu qazanaraq qlobal siyasətdə nüfuzlu oyunçuya çevrildi, xalqın milli heysiyyəti bərpa olundu və Azərbaycan dünyada güclü, qətiyyətli və qəhrəman xalq kimi tanındı.
Nə xoşbəxtəm ki, Ulu Öndər Heydər Əliyevin yolunu peşəkarlıq və əzmlə davam etdirən, ata nəsihətini və xalqına verdiyi bütün vədləri qüsursuz yerinə yetirən, 50 milyonluq azərbaycanlının fəxr etdiyi, hər birimizin başını uca edən İlham Əliyev kimi qətiyyətli və müdrik Prezidentim var.

Vurğulamaq yerinə düşər ki, Dövlət başçısı ənənəsinə sadiq qalaraq, budəfəki doğum gününü azad olunmuş ərazilərimizdə qeyd edir.
Bu gün olduğu kimi, ölkənin I vitse-prezidenti Mehriban Əliyeva, Prezident İlham Əliyevin doğum günündə azad edilmiş torpaqlarda onun yanında olur, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram göstərir və bu şərəfli günlə bağlı təbrik mesajları paylaşır, Azərbaycanın gələcəyinə inamını ifadə edir.
Aygün İlqarqızı/ 32gun.az Xəbər Portalının baş redaktoru