HADİSƏ ÖZ XƏBƏR

“Sea Breeze”dəki kütləvi davanın əsas fiquru azadlıqda gəzir - sensasion təfərrüat - FOTOLAR

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Elmir Üzeyir oğlu İsmayılov, Peyman Rəhman oğlu Vəlizadə, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. İttihama görə müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar.

32gun.az xəbər verir ki, İş üzrə iki zərərçəkən var - Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov.

Təqsirləndirilən şəxslərdən Murad Əhmədli barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib. Buna səbəb isə Murad Əhmədlinin olay baş verən zaman Sumqayıt məktəblərindən birində 10-cu sinifdə təhsil alması olub. Murad Əhmədli hazırda 11-ci sinifdə oxuyur. O, özü olayla bağlı heç nə danışmaq istəmir. Bircə onu deyir ki, məhkəməyə gəlib-getdiyi vaxtlarda əlavə məşğələlərə qatıla bilmir, bu səbəbdən də təhsilində geriləmə var. Yaxınları da deyir ki, Murad Əhmədli mübahisə baş verərkən sadəcə ərazidə olub, hər hansı bir davada iştirak etməyib.

Ötən yazıda məlumat vermişdik ki, baş vermiş olayla bağlı daha bir cinayət işi araşdırılır. 
Noyabrın 24-də keçirilən məhkəmə prosesində aydın olub ki, hazırda araşdırıma predmeti olan işdən əlavə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində 1 deyil, daha 2 cinayət işi istintaq olunub. Həmin cinayət işlərindən biri artıq Sabunçu Rayon Məhkəməsinə daxil olub.  İstintaqı davam edən digər iş üzrə 6 nəfər axtarışdadır. 
Hazırki iş üzrə Cavad Muradov zərərçəkən olsa da, məhkəməyə daxil olan iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə də o, hazırda həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədova gəldikdə isə, o azadlıqdadır. Bu günə qədər iş üzrə keçirilən 3 hazırlıq və 5 prosesdən yalnız birinə qatılıb. 
Ötən prosesdə hakim Mirheydər Zeynalov Elnur Leysan oğlu Məmmədovun növbəti – yəni noyabrın 24-nə təyin olunan prosesə qatılmayacağı tədbirdə, barəsində tədbir görüləcəyini, məhkəmədə iştirakının təmin ediləcəyini demişdi. 
Elnur Məmmədov sonuncu iclasa da qatılmadı. Hakim isə onun barəsində hər hansı bir qərar qəbul etmədi. Proses təqsirləndirilən şəxslərdən Məhəmməd Həsənzadənin istifadəsində olan telefon anten məlumatlarının alınması üçün mobil xidmət operatoruna sorğunun göndərilməsinin müzakirəsi ilə davam etdirildi. 
Hakim Məhəmməd Həsənzadəyə dəqiqləşdirici sual verdi:
-Məhkəmədə belə aydın oldu ki, sən hadisə olanda orada olmamısan? 
-Xeyr, mən hadisə olanda orada olmamışam, ora gələndə mübahisə bitmişdi. 
-Səni ora Elmir zəng edib çağırmışdı? 
-Xeyr, mən ora özüm gəlmişdim. 
Elmir İsmayılov söz istəyərək bildirdi ki, həmin gün o, “Sea Breeze”yə qardaşı Elgünü zəng edərək çağırıb:
- Mən Məhəmmədə zəng eləməmişəm. Qardaşım ora gələndən sonra Elnur Məmmədov yenə də söyüşləri davam etdirib, sonrası da bəllidir...
Hakim sorğunu mobil xidmət operatoruna göndərdiyini, növbəti prosesə qədər cavab sorğuya veriləcəyini elan edib. 
Bundan sonra təqsirləndirilən şəxslərdən üçünün - Elmir İsmayılov, Peyman Vəlizadə, və Məhəmməd Həsənzadənin vəkillərinin müvəkkilləri barəsindəki həbs qəti-imkan tədbirinin həbslə əlaqəli olmayan tədbirlə dəyişdirilməsinə dair vəsatətlərinin müzakirəsi ilə davam etdirildi. Müzakirələrdən sonra müşavirə otağına yollanan hakim az sonra geri dönməklə vəsatətlərin təmin olunmadığını elan etdi. 
3 cinayət işinin başlanması ilə nəticələnən “Sea Breeze”dəki mübahisə hazırda zərərçəkmiş şəxs olan Elnur Məmmədovun təqsirləndirilən şəxs Elmir İsmayılovun ünvanına söyüş söyməsindən qaynaqlanıb. Belə ki, Elnur qohumu Vüqar Tağıyev, uşaqlıq dostu Cavad Muradov və 3 xanımla birgə restoranda olublar. Həmin zaman Elmir İsmayılov dostları ilə birgə yaxınlıqdakı masada əyləşiblər. Vüqar Tağıyev Elmir İsmayılovu əvvəldən tanıdığından onu özünün olduğu masaya dəvət edib. Vüqar Tağıyevin dəvətini qəbul edən Elmir İsmayılov əlində qədəh masaya yaxınlaşıb, süfrə ətrafında olanlarla salamlaşıb. Bu zaman spirtli içkinin təsiri altında olan Elnur Məmmədov onun ünvanına nalayiq söyüşlər işlədib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bu zəmində Elmirlə Elnurun arasında mübahisə yaranıb. Sonradan restorandan çölə əlini yumağa çıxan Elmirlə Elnurun arasında mübahisə yaranıb, digərlərinin də qoşulması ilə mübahisə kütləvi hal halıb. 
Xatırladaq ki, bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də “Sea Breeze Resort” istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas  fiquru olan Elnur Məmmədov son zamanlara qədər Vergilər Nazirliyinim əməkdaşı olub. Onun atası Leysan Məmmədovun son iş yeri Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postu olub. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb. Hazırda dövlət büdcəsi hesabına inşa olunan iri tikinti layihələrini icra edənlərdən biridir.
Ayxan 

Oxşar Xəbərlər