Serbiyada tələbələr və müxalifət düşüncəli vətəndaşların təşkil etdiyi kütləvi etiraz Belqradın mərkəzi küçəsinin bağlanmasına səbəb olub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Slaviya meydanından planlaşdırılan dinc yürüş diqqəti cəlb etmək üçün dövlət bayraqları, pankartlar, fit və nağaralardan istifadə edən etirazçıların dairəvi yolu və Kralja Milana küçəsini blokadaya almaları ilə başlayıb.
Qeyd olunur ki, etirazçıların işə və ya mağazalara getməmək çağırışlarına baxmayaraq, Belqradda həyat həmişəki kimi davam edib.
Serbiyada bir neçə aydır ki, kütləvi etirazlar davam edir. Ölkədə etirazlar Novi Sad şəhərindəki dəmiryol vağzalında baş verən insidentlə bağlı başlayıb . Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub . Nəticədə onlarla insan yaralanıb.
Etirazçılar dəmiryol vağzalının yenidən qurulması ilə bağlı tam sənədlərin dərc olunmasını, insidentdə iştirak edən məmurların məsuliyyətini və aksiyalar zamanı saxlanılanların hamısının cinayət məsuliyyətindən azad edilməsini tələb edirlər.
Ayxan