Yuxusuzluq və spirtli içkilərdən həddindən artıq istifadə çox zaman yanaşı gedir: qiymətləndirmələrə görə, yuxu pozuntularından əziyyət çəkən insanların azı üçdə biri, bəzən isə 91%-ə qədəri alkoqoldan sui-istifadə edir. Ohayo Ştat Universitetinin alimləri bu əlaqənin arxasında duran psixoloji mexanizmləri üzə çıxarıblar.
32gun.az bildirir ki, tədqiqatın nəticələri “Alcohol” jurnalında dərc olunub.
Tədqiqatda yuxu problemi və alkoqola meyilli olan 405 nəfər iştirak edib. Onlar yuxusuzluq dərəcəsi, alkoqol istifadəsi tarixi, stres səviyyəsi və depressiya simptomlarını qiymətləndirən sorğulardan keçiblər. Analizlər göstərib ki, stres və depressiya bu iki hal arasındakı əlaqəni qismən izah edir — lakin hər faktorun təsiri, hansı problemin əvvəl ortaya çıxmasından asılı olaraq dəyişir: əgər əvvəl yuxusuzluq yaranırsa, bu vəziyyət alkoqolizmə daha çox stres vasitəsilə gətirib çıxarır. Əgər əvvəlcə alkoqolizm başlayırsa, bu zaman o, daha çox depressiya ilə yuxusuzluğa səbəb olur.
Tədqiqatın rəhbəri, psixiatriya və davranış sağlamlığı üzrə professor Cessika Uifer izah edib:
“Bizi xüsusilə yuxusuzluğun alkoqol istifadəsinə necə gətirdiyi maraqlandırırdı. Gördük ki, bu, əsasən stres vasitəsilə baş verir. Əks istiqamətə baxdıqda — yəni alkoqolun yuxusuzluğa təsirində isə əsas rolu depressiya oynayır”.
Alimlərə görə, bu nəticələr müalicə üçün yeni yollar aça bilər: əgər yuxusuz insanda stres səviyyəsi yüksəkdirsə, bu stresin azaldılması onun alkoqoldan sui-istifadəyə keçməsinin qarşısını ala bilər.
Hələlik tədqiqat bu əlaqənin zamanla necə inkişaf etdiyini tam açıqlamır, lakin komanda artıq bir illik dövrdə stress və depressiyanın bu qarşılıqlı təsirə necə təsir etdiyini öyrənmək üçün uzunmüddətli məlumatlar toplamağa başlayıb.
Nilay