DİGƏR ÖZ XƏBƏR

Alimlər smartfonların yaşlılarda demensiyaya səbəb olması barədə mifi təkzib ediblər

Alimlər: Rəqəmsal texnologiyalar yaşlılarda demensiyanı sürətləndirmir, əksinə faydalı ola bilər

ABŞ-ın Beylor Universiteti və Ostindəki Texas Universitetindən olan alimlər yaşlı insanların rəqəmsal texnologiyalardan aktiv istifadə etməsinin demensiyanın inkişafına səbəb olduğu barədə yayılmış fikirləri təkzib ediblər.

32gun.az bildirir ki, tədqiqatın nəticələri Nature Human Behaviour (NHB) elmi jurnalında dərc olunub.

Araşdırma 69 yaş orta göstəricisinə malik 400 mindən çox insanın məlumatlarını əhatə edən 57 elmi işi əhatə edən metaanaliz əsasında aparılıb.

Nəticələr göstərib ki, 50 yaşdan yuxarı insanlarda rəqəmsal texnologiyalardan (kompüter, smartfon, internet) müntəzəm istifadə beyin funksiyalarının qorunması ilə sabit əlaqəyə malikdir.

Tədqiqatın müəlliflərindən biri, Texas Universitetindən klinik neyropsixoloq Cared Benge bildirib: "Rəqəmsal demensiya" hipotezini təsdiqləyən heç bir sübut tapmadıq. Əksinə, texnologiyalardan aktiv istifadə koqnitiv pozuntuların riskini azaldır."

Mütəxəssislər texnologiyaların müsbət təsirini izah edən üç əsas faktoru müəyyənləşdiriblər:

  • Çətinlik – texnologiyalar oyunlar, təhsil və problemlərin həlli kimi zehni fəaliyyətlər təqdim edir;
  • Əlaqə – sosial şəbəkələr və mesajlaşma vasitəsilə ünsiyyət qurmağa imkan verir;
  • Kompensasiya – yaşla bağlı çətinlikləri GPS, qeydlər və digər funksiyalarla kompensasiya etməyə yardımçı olur.

Alimlər vurğulayırlar ki, bu müsbət təsir texnologiyalardan istifadənin xarakterindən asılıdır: passiv kontent istehlakı (məsələn, sonsuz video izləmə) gözlənilən faydanı vermir, əvəzində ailə üzvləri ilə görüntülü danışıq, onlayn kurslar və ya GPS-dən istifadə daha müsbət nəticələr verir.

Tədqiqatçılar qeyd edirlər ki, texnologiyaların birbaşa koqnitiv funksiyaları yaxşılaşdırdığı hələ tam sübut edilməyib – ola bilər ki, texnologiyalardan istifadə edənlər onsuz da daha aktiv beyinə malikdir. Lakin artıq bəllidir ki, texnologiyalardan şüurlu şəkildə istifadə beyin sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.

Nilay 

Oxşar Xəbərlər