Tokio Universitetinin alimləri qan vermədən şəkərli diabet riskini müəyyən etməyə imkan verən yeni, qeyri-invaziv metod hazırlayıblar. Bu üsul qanda şəkər səviyyəsini real vaxt rejimində izləyən CGM (davamlı qlükoza monitorları) qurğularının məlumatlarına əsaslanır.
32gun.az bildirir ki, araşdırma Communications Medicine jurnalında dərc olunub.
Şəkərli diabet tez-tez "səssiz epidemiya" adlandırılır — xəstəlik gizli şəkildə inkişaf edir və ağır fəsadlara səbəb ola bilir. Klassik diaqnostika üsulları — məsələn, acqarına qlükoza, HbA1c və ya qlükoza tolerantlıq testi — erkən pozuntuları hər zaman aşkar etmir, xüsusilə də qan şəkəri normal görünsə də, artıq qeyri-sabit olduğu hallarda.
Yeni metod bu dəyişiklikləri daha erkən mərhələdə aşkar etməyə imkan verir. Alimlər şəkərli diabet diaqnozu olmayan 64 könüllünün CGM cihazlarından və laborator testlərdən əldə edilən məlumatları təhlil ediblər. Xüsusi diqqət gündəlik şəkər dəyişkənliyini ölçən AC_Var göstəricisinə yönəlib.
Məlum olub ki, AC_Var ikinci tip diabet riskini göstərən “dispozisiya indeksi” ilə sıx əlaqəlidir. Bu göstərici qlükozanın standart sapması ilə birlikdə istifadə edildikdə, xəstəliyin inkişafını və ürək-damar fəsadlarını klassik testlərdən daha dəqiq proqnozlaşdırır.
Professor Şinya Kurodanın sözlərinə görə, “Biz klassik analizlərin sağlam hesab etdiyi şəxslərdə qlükoza nəzarətində pozuntuları aşkarlaya bildik. Bu isə xəstəliyin qarşısını diaqnoz qoyulmamışdan əvvəl almaq imkanı verir.”
Alimlər həmçinin bu üsulu hər kəs üçün əlçatan etmək məqsədilə CGM məlumatlarının təhlili və riskin qiymətləndirilməsi üçün veb tətbiq də hazırlayıblar.
Nilay