DİGƏR ÖZ XƏBƏR

İqlim dəyişikliyi Avropada ölümcül göbələk infeksiyasının yayılmasına səbəb ola bilər

İqlim dəyişikliyi Avropada insanlar üçün təhlükəli olan göbələk infeksiyalarının yayılma zonasını genişləndirə bilər.

32gun.az bildirir ki, bu barədə Manchester Universitetinin əməkdaşlarının apardığı yeni araşdırmaya istinadən Independent nəşri məlumat yayıb.

Alimlər Aspergillus cinsinə aid göbələklərə diqqət çəkir. Bu göbələklər insanlarda tənəffüs yollarında və digər orqanlarda ciddi xəstəliklərə səbəb ola bilər. Proqnozlara görə, 2100-cü ilə qədər ən təhlükəli növlərdən biri olan Aspergillus fumigatusun yayılma sahəsi 77 faiz arta bilər. Bu, təkcə Avropada doqquz milyon insanın sağlamlığı üçün risk yaradacaq.

Xüsusilə xroniki ağciyər xəstəlikləri, immun çatışmazlığı olan və immun sistemi zəif insanlara bu göbələk daha ciddi təhlükə yaradır. Araşdırma göstərir ki, Aspergillus növlərinin çoxalması üçün ideal temperatur 37°C-dir ki, bu da insan bədəninin temperaturuna uyğun gəlir. Bu amil göbələkləri insan orqanizmini asanlıqla kolonizasiya edə bilən təhlükəli patogenlərə çevirir.

Mövzu həm də iqtisadi çalar daşıyır. Məsələn, Aspergillus flavus kimi bəzi növlər taxıl sahələrinə ziyan vuraraq kənd təsərrüfatı üçün ciddi problem yaradır. Gözləntilərə görə, bu göbələk növünün yayılma sahəsi Şimali Çin, Rusiya, Skandinaviya və Alyaska istiqamətində genişlənəcək. Əvəzində, onun ənənəvi yayılma əraziləri olan Afrika və Braziliyada yaşamaq üçün əlverişli şərait azalacaq, bu isə yerli ekosistemlərdə dəyişikliklərə səbəb ola bilər.

Nilay 

Oxşar Xəbərlər