Kembric Universitetinin alimləri müəyyən ediblər ki, psixi pozuntuları olan gənclər sosial şəbəkələrdə daha çox vaxt keçirir və bu platformalardan fərqli şəkildə istifadə edirlər. Bu, xüsusilə təşviş və depressiya kimi "daxili" pozuntularla üzləşən yeniyetmələrə aiddir. Onlar sosial mediada tez-tez özlərini başqaları ilə müqayisə edir, bəyənmə və şərhlərə görə əhval dəyişiklikləri yaşayır və internetdə sərf etdikləri vaxta nəzarət etməkdə çətinlik çəkirlər.
32gun.az bildirir ki, tədqiqat Nature Human Behaviour jurnalında dərc olunub.
Araşdırma 11–19 yaş arası 3340 yeniyetmə arasında keçirilmiş sorğuya əsaslanıb və psixi sağlamlıq qiymətləndirmələrini nəzərə alan ilk işlərdən biridir. Məlum olub ki, psixi pozuntuları olan yeniyetmələr sosial şəbəkələrdə gündə orta hesabla 50 dəqiqə daha çox vaxt keçirirlər.
Bu qrupda olanlar daha çox internet “dostlarının” sayından narazılıq edir və özlərini tez-tez başqaları ilə müqayisə edirlər. Alimlərin fikrincə, bu sosial müqayisələr inamsızlıq və tərk edilmişlik hissini gücləndirə bilər.
Tədqiqatın baş müəllifi Luiza Fassi bildirib: “Bu iş səbəb-nəticə əlaqəsini sübut etmir, amma göstərir ki, psixi pozuntuları olan yeniyetmələr sosial şəbəkələrdən fərqli şəkildə istifadə edirlər”.
Alimlər ehtimal edirlər ki, psixi pozuntular internet davranışlarını dəyişə bilər və eyni zamanda sosial şəbəkələrin özləri də bu vəziyyətin pisləşməsinə töhfə verə bilər.
Ayxan