Berlin Texniki Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insan gözünün saniyədə bir neçə dəfə baş verən sürətli hərəkətləri – sakkadalar – hərəkət edən obyektləri qavrama sərhədlərini müəyyənləşdirir.
32gun.az bildirir ki, araşdırma Nature Communications jurnalında dərc olunub.
Eksperimentlər zamanı məlum olub ki, insan gözü sabit bir nöqtəyə fokuslandıqda, sakkadanın sürətinə, müddətinə və məsafəsinə bənzər hərəkət edən obyektlər görünməz olur. Bu, gözlərin sürətli hərəkətləri zamanı niyə görüntünün bulanmadığını izah edir.
Bundan əlavə, araşdırma göstərib ki, daha sürətli sakkadalara sahib olan insanlar daha sürətli hərəkət edən obyektləri daha yaxşı ayırd edə bilir. Bu, bəzi idmançılar və oyunçuların yüksək vizual reaksiya qabiliyyətinə malik olmasının səbəblərindən biri ola bilər.
Tədqiqatın rəhbəri Martin Rolf qeyd edib ki, insanın dünyanı necə qavradığı təkcə hiss orqanlarının həssaslığından deyil, həm də onların etdiyi hərəkətlərin xüsusiyyətlərindən asılıdır. Bu səbəbdən insanın görmə sistemi onun hərəkət funksiyaları ilə sıx bağlıdır və bu iki sahə birlikdə öyrənilməlidir.