DİGƏR ÖZ XƏBƏR

ABŞ alimləri demensiyanın qarşısını alan probiotik kokteyl hazırlayıblar

Cənubi Florida Universitetinin alimləri demensiyanın (ağıl zəifliyinin) inkişafının qarşısını ala bilən yeni probiotik kokteyl hazırlayıblar. 32gun.az bildirir ki, Scientific Reports jurnalında dərc olunmuş araşdırmaya görə, bu "yaxşı" bakteriya qarışığı bağırsaq keçiriciliyini azaldır, beyni iltihabdan qoruyur və yaddaş pozğunluqları riskini aşağı salır.

Eksperiment zamanı siçanlara 16 həftə ərzində müəyyən probiotik qarışıqları içməli sularına əlavə edilərək verilib. Daha sonra heyvanlar məkan yaddaşını yoxlayan “su labirinti” testindən keçirilib. Nəticədə probiotik qəbul edən siçanlar bu testi daha sürətli və uğurlu şəkildə tamamlayıb.

Alimlər müəyyən ediblər ki, bu probiotik qarışıq beyində Alzheimer xəstəliyinin əsas əlamətlərindən biri olan amiloid lövhəciklərini yaradan zülalların istehsalını ləngidir. Həmçinin bu kokteyl beyindəki iltihabı azaldır və qan-beyin baryerinin bütövlüyünü qoruyur.

Tədqiqatın müəllifi, neyrocərrahiyə üzrə dosent Dr. Yadav qeyd edib: “Adətən insanlar tək komponentli probiotiklər qəbul edir. Biz isə göstərdik ki, kompleks qarışıq mikrobiomu daha effektiv şəkildə təsirə məruz qoyur və onu ‘'pis’' rejimdən ‘'yaxşı’' rejimə keçirir.”

Alimlər xəbərdarlıq edirlər ki, bağırsaq keçiriciliyinin artması nəticəsində zərərli mikroorqanizmlər və toksinlər qana keçə bilər. Bu isə orqanizmdə geniş iltihabi reaksiyalar doğura, beyinə qədər gedərək orada neyroiltihab yarada və demensiyanın inkişaf riskini artıra bilər.

Mütəxəssislər hesab edirlər ki, yeni probiotik kokteyl yaşla bağlı yaddaş pozğunluqlarının qarşısının alınmasında təhlükəsiz və effektiv bir üsula çevrilə bilər.

Nilay 

Oxşar Xəbərlər