Avstraliyanın Makkuori və Tasmaniya universitetlərinin alimləri Şərqi Antarktidanın mərkəzində Alp dağları qədər böyük olan Qamburtsev dağ silsiləsinin yaranma sirrini açıqlayıblar.
32gun.az bildirir ki, tədqiqatın nəticələri Earth and Planetary Science Letters (EPSL) elmi jurnalında dərc olunub.
Qamburtsev dağlarının zirvələri və dərələri bir neçə kilometr qalınlığında buz təbəqəsinin altında gizlənir. Bu dağlar ilk dəfə 1958-ci ildə sovet ekspedisiyası tərəfindən kəşf edilsə də, onların geoloji tarixi uzun illər müəmmalı qalmışdı.
Yeni araşdırmada alimlər müəyyən ediblər ki, Qamburtsev dağları təqribən 500 milyon il əvvəl tektonik plitələrin toqquşması nəticəsində yaranıb. Bu toqquşma qədim Gondvana superkontinentinin formalaşmasına səbəb olub. Yer səthinin dərinliklərində qızmış süxurlar yanlara doğru hərəkət edib – bu proses diş pastasının borudan sıxılması kimi təsvir olunur – nəticədə dağların bir hissəsi dağılaraq güclü, Yer mantiyasına uzanan "kök sistemi" ilə yerində qalıb.
Alimlər dağların yaşını müəyyən etmək üçün qədim çaylar tərəfindən çökdürülmüş qumdaşı süxurlarından götürülən zirkon kristallarını təhlil ediblər. Uran izləri daşıyan bu minerallar Qamburtsev dağlarının tarixini dəqiqliklə müəyyən etməyə imkan verib. Məlum olub ki, dağlar 650 milyon il əvvəl yaranmağa başlayıb, 580 milyon il əvvəl Himalaylar qədər yüksəlib və sonra tektonik proseslər nəticəsində tədricən dağılmağa başlayıb.
Qitələrin toqquşması ilə formalaşan əksər dağ silsilələri zamanla eroziya və yeni tektonik hərəkətlər səbəbindən yox olur. Lakin Qamburtsev dağları qalın buz təbəqəsi ilə örtülü olduğu üçün bu günə qədər Yer kürəsinin ən yaxşı qorunmuş qədim dağ sistemlərindən biri olaraq qalır.