DİGƏR ÖZ XƏBƏR

Qısa müddətli uçuşlar belə xərçəng riskini artıra bilər – Alimlərdən araşdırma

Harvard İctimai Səhiyyə Məktəbinin alimləri müəyyən ediblər ki, qısa müddətli aviadaşımalar belə hüceyrələrdə DNT-nin bərpasına cavabdeh olan mexanizmlərin fəaliyyətini poza bilər. Bu isə xərçəng xəstəliklərinin yaranma riskini artırır.

32gun.az xəbər verir ki, araşdırmanın nəticələri Scientific Reports (SciRep) jurnalında dərc olunub.

Əvvəllər də məlum idi ki, bələdçi heyətinin üzvləri – xüsusilə də stüardessa və stüardlar – arasında süd vəzi və dəri xərçəngi kimi bəzi xərçəng növləri daha tez-tez müşahidə olunur. Lakin bunun səbəbləri tam aydın deyildi. ABŞ-lı tədqiqatçılar hesab edir ki, əsas səbəblərdən biri DNT-nin bərpa prosesinin zəifləməsidir.

Tədqiqatda doqquz bələdçi iştirak edib. Onların qan nümunələri uçuşdan əvvəl və sonra analiz olunub. Nəticədə DNT zədələnmələrinin səviyyəsi, iltihab göstəriciləri və hüceyrələrin özünübərpa qabiliyyəti araşdırılıb.

Uçuşlardan sonra iştirakçılarda immun sisteminin qoruyucu hüceyrələri olan limfositlərin səviyyəsinin artdığı müəyyən olunub. Bu isə orqanizmdə iltihab proseslərinin gücləndiyini göstərib. Eyni zamanda hüceyrələrin oksidativ stress və ionlaşdırıcı şüalanma nəticəsində yaranan DNT zədələnmələrini aradan qaldırmaq qabiliyyətinin azaldığı məlum olub.

Alimlər xəbərdarlıq edirlər ki, əgər DNT-dəki zədələnmələr vaxtında aradan qaldırılmasa, mutasiyalar toplanır və bu da xərçəng riskini artırır. Xroniki iltihab isə vəziyyəti daha da pisləşdirə bilər.

Ayxan 

Oxşar Xəbərlər