DİGƏR ÖZ XƏBƏR

Salmonella bakteriyası immunitetdən yayınmaq üçün dəmirlə zəngin hüceyrələri hədəf alır — alimlərdən yeni kəşf

Bazel Universitetinin alimləri müəyyən ediblər ki, salmonella bakteriyası insan orqanizmindəki immun müdafiəsindən yayınaraq məqsədyönlü şəkildə dəmirlə zəngin immun hüceyrələrə yoluxur.

32gun.az bildirir ki, tədqiqatın preprinti bioRxiv portalında dərc olunub.

İnsan orqanizmi patogenlərlə mübarizədə onların həyati vacib maddələrə, o cümlədən dəmirə çıxışını məhdudlaşdırır. Dəmir olmadan bakteriyalar inkişaf edə bilmir. Müdafiə mexanizmlərindən biri NRAMP1 adlı zülaldır: bu zülal patogenləri udan immun hüceyrələrdən — makrofaqlardan dəmiri çıxarır.

Professor Dirk Bumannın rəhbərlik etdiyi qrup müəyyən edib ki, salmonella yalnız bu müdafiədən yayınmır, eyni zamanda məqsədyönlü şəkildə daha çox dəmir daşıyan makrofaqlara – əsasən də dalaqda yerləşənlərə – yoluxur. Bu hüceyrələr yaşlanmış, dəmirlə zəngin eritrositlərin parçalanması ilə məşğuldur və bakteriyalar məhz burada çoxalmağa əlverişli şərait tapır.

“Ümumi dəmir məhdudiyyətinin salmonella populyasiyasına ciddi təsir etməməsi bizi təəccübləndirdi. Məlum oldu ki, bakteriyaların əhəmiyyətli hissəsi dəmirlə zəngin makrofaqlarda gizlənir”, – deyə Bumann bildirib.

Tədqiqat göstərib ki, orqanizmdə iki növ salmonella qrupu mövcuddur: biri — dəmirdən məhrum edilmiş makrofaqlarda, digəri isə eritrosit qalıqları ilə zəngin dəmirli vakuollarda. Orqanizm dəmirin 99 faizini çıxarsa belə, qalan miqdar bakteriyaların yaşaması və çoxalması üçün kifayət edir.

Alimlər vurğulayıblar ki, bakteriyalar orqanizmin mürəkkəb immun strategiyalarındakı “zəif nöqtələri” ustalıqla istifadə edir. Bu nəticələr yeni antimikrob strategiyaların hazırlanması üçün vacibdir: məqsəd yalnız bakteriyaları məhv etmək deyil, onların həyatda qalması üçün zəruri olan resursları əlindən almaq olmalıdır.

“Patogenlərin orqanizmdə necə sağ qaldığını başa düşərək onları daha effektiv şəkildə aradan qaldırmaq mümkün olacaq”, — deyə Bumann yekunlaşdırıb.

Nilay 

Oxşar Xəbərlər