Dördqat Rusiya çempionu, tanınmış boksçu Aleksandr Şkalikov uzun sürən xəstəlikdən sonra vəfat edib.
32gun.az bildirir ki, bu barədə TASS-a onun qardaşı Andrey Şkalikov məlumat verib.
Məlumata görə, bir neçə il əvvəl keçirdiyi ağır yol qəzasının fəsadları nəticəsində boksçuya trepanasiya əməliyyatı olunub. Lakin müalicə istənilən nəticəni verməyib və o, əlil vəziyyətinə düşüb. Son dövrlər həyatını Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən internatda keçirən Şkalikovun vəziyyəti ağır olub. Həkimlər onun uzun müddət yaşaya bilməyəcəyini əvvəlcədən bildiriblər.
Qardaşının sözlərinə görə, təxminən 1,5 il əvvəl vəziyyəti müvəqqəti olaraq yaxşılaşıb və xəstəxanaya köçürüldükdən sonra özünə gəlib. Lakin yenidən internata qaytarıldıqdan sonra vəziyyəti yenidən pisləşib və o, bir müddət sonra vəfat edib.
Aleksandr Şkalikov 1992–1995-ci illərdə ardıcıl olaraq dörd dəfə Rusiya çempionu olub. O, həmçinin Sankt-Peterburqda keçirilən Xeyirxah İradə Oyunlarının gümüş medalçısı, Avropa və dünya çempionatlarının iştirakçısı olub. 1992-ci ildə beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.
1996-cı ildə Atlantada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışsa da, seçim mərhələsində Oleg Saitova məğlub olub və bununla da idman karyerasını başa vurub. Karyerası ərzində təxminən 240 qələbə və 50-yə yaxın məğlubiyyət əldə edən Şkalikov sonralar məşqçi kimi fəaliyyət göstərib.
Aleksandr Şkalikov 54 yaşında vəfat edib.
Nilay