ABŞ və Kanadadan olan beynəlxalq alimlər qrupu Yer kürəsini milyon illər ərzində genişmiqyaslı karbon emissiyalarının nəticələrindən qoruyan naməlum təbii mexanizm kəşf ediblər.
32gun.az xəbər verir ki, Tədqiqatın nəticələri Nature Geoscience elmi jurnalında dərc olunub.
Alimlər qəfil karbon qazı artımı zamanı (məsələn, supervulkan püskürməsindən sonra) okeanlarda başlayan təbii "bufer" mexanizmini izah ediblər. Belə hallarda oksigen səviyyəsinin aşağı düşməsi suyu daha qələvi edir. Bunu isə anaerob (oksigensiz) şəraitdə mikroorqanizmlərin nəfəs alması prosesi izləyir. Nəticədə "axmaq qızılı" kimi tanınan pirit adlı mineral yaranır. Pirit okeandakı turşuluğu neytrallaşdıraraq artıq karbonu udmağa kömək edir.
400 milyon ili əhatə edən kompüter modelləşdirməsi bu mexanizmin Yer kürəsini qədim fəlakətlərdən, o cümlədən kütləvi məhv dövrlərindən sonra necə bərpa etdiyini sübut edib.
Alimlər bu kəşfin Yer sisteminin möhtəşəm dayanıqlığını nümayiş etdirdiyini bildirirlər. Lakin xəbərdarlıq edirlər ki, bu təbii proseslər geoloji zaman miqyasında – min illərlə baş verir və müasir iqlim böhranını həll etmək gücündə deyil. Bundan əlavə, bu gün okeanların turşulaşması və oksigensizləşməsi keçmişlə müqayisədə 100 dəfə daha sürətli gedir.
Ayxan