DİGƏR ÖZ XƏBƏR

Şimpanzelər musiqi yaradır: alimlər meymunların daşla ritm vurduğunu müşahidə edib

Niderlandın Vageningen Universitetinin almaniyalı alimlərlə birgə apardığı tədqiqat zamanı Qvineya-Bisauda yaşayan vəhşi şimpanzelərin unikal davranışı qeydə alınıb — onlar ağac gövdələrinə daşla ritmik şəkildə vuraraq səslər yaradır.

32gun.az bildirir ki, araşdırma Biology Letters (BioLetts) elmi jurnalında dərc olunub.

Beş il ərzində qoruq ərazisində yerləşdirilmiş fototutucuların analizinə əsaslanan nəticələrə görə, yetkin erkək şimpanzelər bu üsulla alçaq tezlikli səslər çıxarır. Bu səslər sıx meşəlikdə adi siqnallardan daha uzağa yayılır, bu da onların kommunikasiya vasitəsi ola biləcəyini göstərir.

Tədqiqatçılar müşahidə zamanı gənc fərdlərin bu davranışı yaşlı şimpanzelərdən öyrəndiyini də müəyyən ediblər. Həmçinin hər “ritmik çıxışdan” əvvəl şimpanzelər özünəməxsus uhanma səsi çıxarırlar.

“Bu, instinktiv deyil, mədəniyyətə əsaslanan davranışdır,” – deyə professor Mark Naqib bildirib. O, bu kəşfin primatlarda kommunikasiya və insanlarda musiqi qabiliyyətinin mənşəyini anlamaq baxımından önəmli olduğunu vurğulayıb.

Alimlər indi bu davranışın yalnız bu populyasiyaya xas olub-olmadığını və ya daha geniş yayıldığını öyrənməyə çalışırlar. Bu suala cavab insanın musiqi və rituallarının mənşəyi ilə bağlı yeni ipucları verə bilər.

Nilay 

Oxşar Xəbərlər