Yaponiyalı alimlərdən optik rabitə sahəsində dünya rekordu: 1,02 petabit/saniyə sürətlə ötürmə
Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun Foton Şəbəkələri Laboratoriyasının rəhbərliyi ilə, Sumitomo Electric şirkəti və digər tərəfdaşların iştirakı ilə beynəlxalq tədqiqat qrupu optik rabitə sahəsində yeni dünya rekordu müəyyən edib.
Alimlər 0,125 mm-lik standart diametrli yeni 19 nüvəli optik fiber kabel vasitəsilə saniyədə 1,02 petabit məlumatı 1 808 kilometr məsafəyə ötürə biliblər.
32gun.az bildirir ki, bu nailiyyət Optical Fiber Communication Conference (OFC) konfransında təqdim olunub.
Bu məsafə Yaponiyada Sapporodan Fukuokayadək və ya Avropada Berlindən Neapoladək olan məsafəyə bərabərdir. Yenilikçi kabel, adi tək nüvəli fiber kabellə eyni diametrə sahib olduğu üçün mövcud infrastrukturdan istifadəni asanlaşdırır.
Uğurun əsas səbəbləri aşağıdakılardır: C- və L-dalğa diapazonlarında siqnal itkisini minimuma endirən texnologiya, eyni anda 19 kanal üzrə siqnalı gücləndirə bilən yeni optik gücləndiricilər və kanallar arasında qarşılıqlı maneələri aradan qaldıran qabaqcıl rəqəmsal siqnal emalı sistemi.
Siqnal 86 kilometrlik kabel üzərində 21 dəfə dövr etdirilərək ümumilikdə 1 808 kilometr məsafəyə ötürülüb. Hər kanal 180 müxtəlif dalğa uzunluğunda 16QAM (16-kvadrat amplituda modulyasiyası) istifadə edib ki, bu da rekord keçid qabiliyyətini təmin edib.
Nəticə etibarilə, standart diametrli liflər üzrə yeni dünya rekordu – 1 kilometrə görə 1,86 eksabit/saniyə – qeydə alınıb.
Tədqiqatçılar bu texnologiyanın gələcəkdə post-5G dövrünün sürətlə artan məlumat tələbatını qarşılayacaq miqyaslana bilən və enerjiyə qənaət edən rabitə şəbəkələrinin qurulmasına töhfə verəcəyini bildiriblər. Gələcək planlara optik gücləndiricilərin təkmilləşdirilməsi, siqnal emalının optimallaşdırılması və texnologiyanın tətbiqə hazırlanması daxildir.
Ayxan