ABŞ-ın Con Hopkins Universitetinin neyroloqu Piter Rabins bildirib ki, planlaşdırmada çətinlik, yuxusuzluq, çoxsaylı işləri eyni anda yerinə yetirə bilməmək və əsəbilik demensiyanın inkişafına işarə edə bilər.
32gun.az xəbər verir ki, O, bu barədə Daily Mail nəşrinə danışıb.
Mütəxəssis yaddaşın pisləşməsindən narahat olan insanlara idrak vəziyyətini qiymətləndirməyə kömək edən 10 sualdan ibarət sadə testdən istifadə etməyi tövsiyə edib. Rabinsin sözlərinə görə, ilk növbədə yaxın insanların adlarını xatırlamaqda və ya əvvəllər asan görünən işləri — məsələn, tətil planlaşdırmaq və ya görüşlər təşkil etmək — yerinə yetirməkdə çətinliklərin yaranıb-yaranmadığına diqqət yetirmək lazımdır.
O, həmçinin qısamüddətli yaddaşı və diqqəti yoxlamaq üçün sadə məşq təklif edib: əvvəlcə bir ədəd seçmək, sonra bir neçə suala cavab vermək və sonda həmin ədəddən yeddi vahid çıxmaq. Bu üsul konsentrasiyanı qiymətləndirməyə kömək edir.
Rabinsin sözlərinə görə, qəbul edilən dərman vasitələri də nəzərdən keçirilməlidir, çünki bəzi preparatlar, xüsusilə ürək ritmini tənzimləyənlər, idrak funksiyalarına təsir göstərə bilər. Eyni zamanda, alkoqolun da oxşar təsiri var — yaş artdıqca onun orqanizmdə parçalanması ləngiyir və uzunmüddətli çaşqınlıq halları demensiya simptomları ilə səhv salına bilər.
Ekspert əlavə edib ki, emosional vəziyyətdəki dəyişikliklər də mühüm göstəricidir: insan daha əsəbi, narahat və ya adi fəaliyyətlərə maraqsız olubsa, bu, xəbərdarlıq əlaməti ola bilər. Rabins qeyd edib ki, uzun sürən yuxusuzluq çox vaxt demensiyanın açıq simptomlarından bir neçə il əvvəl özünü göstərir.
Nilay