Təyyarə yaşayış binasının üzərinə düşdü: 14 nəfər öldü (YENİLƏNİB)
Krasnodar diyarının Yeysk şəhərində Su-34 qırıcı-bombardmançı təyyarəsinin yaşayış binasının üzərinə düşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.
32gun.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, xilasedicilər dağıntılar altından kişi cəsədi tapıblar. Ağır yandığı üçün onun kimliyini müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, ölənlərin 3-ü uşaqdır.
*** 17.10.2022 /22:50
Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.
32gun.az xəbər verir ki, bu barədə Krasnodar diyarı qubernatorunun müavini Anna Minkova teleqramda yazıb.
Ölənlərin sayı isə 5 nəfər təşkil edir.
*** 21:41
Rusiyada Yeysk şəhərində Su-34 qırıcısının yaşayış binasına çırpılması nəticəsində ölən və yaralananların sayı artıb.
Son məlumatlara görə, hadisə nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Qəzadan sonra binadakı 17 mənzilə ziyan dəyib.
*** 20:46
Yeyskdə təyyarə qəzası nəticəsində azı bir nəfər ölüb.
Daha üç nəfər, o cümlədən uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hər iki pilotun katapult etdiyi və sağ qaldıqları bildirilib. Hazırda qırıcının çırpıldığı ərazidə yanğının sahəsi 2000 kvadratmetrdir.
Qəza yerində yardım məntəqəsi yaradılıb. //oxu.az
*** 20:19
Krasnodar diyarının Yeysk şəhərində hərbi təyyarə yaşayış binalarının üzərinə düşüb.
32gun.az bildirir ki, bu barədə “Mash” məlumat yayıb.
Hadisənin Qərb küçəsində baş verdiyi iddia edilir. Şahidlərin sözlərinə görə, təyyarə hərbi olub.
"Shot" Telegram kanalının məlumatına görə, təyyarə çoxmərtəbəli binanın yaxınlığında qəzaya uğrayıb, lakin partlayışdan sonra yanğın binaya keçib.
Kanal 112 əlavə edir ki, bu, tam sursatı olan L-39 təlim təyyarəsidir. Yanğın nəticəsində azı 15 mənzilə ziyan dəyib.
Hadisə zamanı ölənlərin olduğu da bildirilir.
“İnterfaks“ şəhərin vahid dispetçer xidmətinə istinadən xəbər verir ki, Su-34 hərbi təyyarəsi Krasnodar diyarının Yeysk şəhərində yaşayış binasının üzərinə düşüb. //lent.az